26 January 2017

Metro





Metro



Ayın axırıncı günü olduğu üçün işdən çox gec çıxmışdım, nə yaxşı ki sabah şənbə günü idi. Yorğun halda metro stansiyasına endim. Tək-tük insanlar gözə dəyirdi. Tunelə boylandım, yaxınlaşmaqda olan qatarın işıqları tünelin dərinliklərini işıqlandırdı. Saatıma baxdım, 21:23-ü göstərirdi. Bu stansiyadan düşəcəyim stansiyaya 45-50 dəqiqəlik yol var idi, rahat yuxulaya-yuxulaya gedə bilərdim. Qatar stansiyaya yaxınlaşdı və saxladı, sərnişinlərin bəziləri qatarı tərk etdi. Qatara daxil oldum.


Addım səsləri məni yuxudan oyatdı. Bu səslər dəmir list üzərində gəzərkən çıxan addım səslərinə oxşayırdı. Oturacaqda yarıuzanmış halda idim. Dikəlib, ətrafıma baxdım. Bu nədir? Yoxsa mən qatardayam? Saatıma baxdım, 01:43 göstərirdi. Bu necə ola bilər axı? Qatarda idim, özü də gecənin ortasında! Oturduğum oturacaqların qarşısındakı pəncərədən cəld keçən bir qaraltı gördüm. Addım səsləri hələ də davam edirdi. Demək ki, qatarın üzərində kimsə var idi. Ani olaraq bədənimi narahatçılıq və həyəcan hissi bürüdü. Bura hansısa stansiya idi. Qarşı tərəfdə də qatar dayandığına görə stansiyanın adı yazılan yeri görə bilmirdim. Qatarın içindəki işıqlandırma sönmüşdü, içəri çöldən stansiyanın zəif işığı sızırdı. Ayağa durub, digər qatarlarda kimisə görə biləcəyim ümidi ilə sağa-sola boylandım, heç kimi görə bilmədim. Qatarın üstündə gəzən bu adam kimdi görəsən? Bəlkə qatarlara nəzarət edən texnikdir? Amma gecənin ikisində nəinki texnik, heçbir metro işçisi işdə ola bilməz. İkinci bir sual: mən necə bu vaxtı qatarda qalmışam? Yəqin ki, yuxu tutduğuna görə oturacağa yayılmışam, məni görən olmayıb. Maşinistlə əlaqə cihazına yaxınlaşıb, düyməni basdım, amma cihaz işləmədi, işləsəydi də inanmıram bu vaxt orda kimsə olaydı. Həmin anda çöldən gələn tappılltı səsinə pəncərəyə boylandım. Bu qatarın üstündə gəzən həmin adam idi. Yerə tullanmşıdı. Normal adam üçün o boyda hündürlükdən tullanmaq əslində qeyri-adi bir şey idi. Hündür boylu, qara palto, qara kapişon və qara ayaqqabıda olan bu adamın üzünü aydın görə bilmədim, çünki üzünü mən tərəfə çevirib, qatara baxanda, tez aşağı əyildim. Məni görmədi. Üzünü çevirib, stansiyanın çıxışı tərəfə getməyə başladı. Həmin vaxt telefonum zəng çalmağa başlayanda ağlımdan nəyə görə indiyə kimi telefondan kiməsə zəng eləmədiyim keçdi. Zəng evdən gəlmişdi, həm də 10-cu zəng idi. Aydındı ki mən yuxuda olanda zəngləri eşitməmişəm. Hazırda gələn zəngə cavab verdiyim anda batareyanın enerji ehtiyatı bitdi, telefon söndü və qatarın qapısına dəyən təpik səsinə həmin tərəfə baxdım. Lənət olsun! Qara kapişonlu qapının pəncərəsində dayanıb mənə baxırdı.


Sifəti qara boya ilə boyanmış, sanki qarşısındakını bununla qorxutmaq istəyən bir tip idi və niyyətinin heç də yaxşı olmadığı açıq-aydın hiss olunurdu. Özümü itirmədim. Bu adam hər kim idisə, istəyir qatarın üstündən yox, binanın üstündən tullanma bacarığı olsun, vecimə də deyildi, başa-baş döyüşə bilərdim, əgər silahlı deyilsə. Adam qatarın qapılarını əlləri ilə aralayıb açmağa başladı və açdı. İçəri daxil olub, üstümə gəlməyə başladı. Yumruqlarımı sıxıb təmas anını gözlədim. Yaxınlaşıb əlini boğazıma atmaq istəyəndə, sol əlimlə qolunu kənara itələyib, sağ yumruğumla çənəsinə var gücümlə zərbə endirdim. 5-6 il əvvəl, qaydasız döyüşlərdə, pul qarşılığı döyüşdüyüm vaxtlarda belə zərbələr ilə çox döyüşçülər fəth etmişdim. Amma görünür bu adamı fəth etmək biraz çətin olacaqdı. Zərbənin təsiri ilə adam biraz geri səndələdi. Bundan istifadə edib, irəli iki addım atıb, sağ ayağımla qarnına zərbə endirdim. Adam yerə sərildi. Ədalətli döyüş olsun deyə ayağa durmağını gözlədim. Ayağa durub, əlini arxasına atıb, ucu iti, uzun bir xəncərə bənzər soyuq silah çıxardı. Mən də bayaq gözümə dəyən, qəza zamanı pəncərələri qırmaq üçün qatarın divarından asılmış baltanı götürmək üçün geri qaçdım. Baltanı qapdığım anda, adam artıq arxadan mənə çatırdı. Xəncəri mən tərəfə uzadıb hücuma keçəndə, oturacağın üstünə çıxıb, adama tərəf tullandım. Güclü sağ əlimlə baltanı adamın başının düz ortasına çaxdım. Cansız bədəni ayaqlarımın yanında idi. Bu adam kim idi, məqsədi nə idi görəsən? Gecənin bu vaxtı metroda nə gəzirdi? Suallara hələki cavab tapa bilmirdim.


Yerdə uzanan cansız bədənə və əlimdəki baltaya baxıb, baş verənləri analiz edirdim. Həmin anda, sağ tərəfimdəki qapıdan gələn nizə demək olar burnuma sürtünərək qatarın divarına saplandı. Yaxşı qurtardım demək olardı, əgər bu nizəni atan adamdan da canımı qurtara bilsəydim. Çevrilib nizə gələn tərəfə baxdım. Yerdə uzanan adama bənzər ikincisi peyda olmuşdu. Eynən onun kimi, qara kapişonda, qara, kirli paltoda, qara ayaqqabıda, üz-gözü qara boya ilə boyanmış, gözlərinin içini qan tutmuş adam əlində böyük balta ilə mənə baxırdı. Bu ağlını itirmiş adamlar kim idi belə, niyə məni öldürmək niyyətləri var idi? Nizəni divardan dartıb çıxardım. Bir əlimdə nizə, bir əlimdə balta adama tərəf çevrilib gözlədim. Lənətə gəlmiş stansiya işçisi mənim qatarda yatıb qaldığımı görsəydi, indi çoxdan evde yuxuda idim. Adam gözlərini ağardaraq baltasını qaldırıb, iti hissəsini dili ilə yalayıb, mənə tərəf götürüldü. Aramızda təxminən on metr məsafə var idi. Qatarın qapısına söykənib, sol əlimdəki nizənin arxasını qapıya dirədim və ucunu adama tərəf tutdum, sağ əlimdə də balta ilə hazır vəziyyətdə gözlədim. Adamın baltası ilə tutduğum nizəni kənara itələyəcəyini təxmin etmişdim və elə də oldu. Adam mənə çatıb baltası ilə nizəni kənara itələyən anda yerə əyilib, ayaqlarımla özümü irəli itələyib, balta ilə sol ayağına zərbə endirdim. İkimiz də bir-birimizin əks tərəfinə yıxıldıq. Mən onun arxasında idim. Ayağa durdum. Deyəsən adamın ayağını qırmışdım. Yerdə inildəyə-inildəyə mənə tərəf çevrildi, ayağından qan axırdı, əlimdən düşən nizəni götürüb mənə tərəf atdı. Amma yerdə yarı uzanmış vəziyyətdə atdığı üçün, atış uğurlu alınmadı və nizə yanıma düşdü. “Kimsiz siz? Nə istəyirsiz məndən?” - qışqırıb soruşdum. Adam cavab olaraq, ağzını açıb qəribə, heyvani, xırıltılı səs çıxardı. “Adam kimi cavab ver!” - yaxınlaşıb, sağ dizim üstə çöküb, sifətinə yumruq ilişdirdim. “Bu hərəkətinlə məni qorxutmaq istəyirsənsə bir vəziyyətinə bax və mənim səndən qorxub-qorxmadığımı özün hiss elə” - qışqırdım. Adama çox yaxın idim və bu vəziyyətdən istifadə edib ani hərəkətlə cibindən bıçaq çıxarıb, böyrümə batırmaq istədi. Yumruğumla biləyinə zərbə endirdim, bıçaq əlindən düşdü. Bu adam yaxşılıq qanmırdı, açıq-aşkar ölmək istəyirdi. Ayağa durub əlimdəki balta ilə beynini metronun döşəməsinə dağıtdım. Artıq beynim çönmüşdü. On dəqiqə içərisində məni öldürmək istəyən iki adam öldürmüşdüm və bu normal bir şey deyildi.


Stansiyadan ayaq səsləri eşitdim. Nizəni sol əlimlə yerdən götürdüm. Bu biri əlimdəki baltanı da yerə tullayıb, əvəzinə beynini dağıtdığım adamın baltasını götürdüm, bu iri və daha öldürücü idi. Yavaş addımlarla qatardan çölə çıxdım. Sağ tərəfdən öldürdüyüm adamlara bənzər iki nəfər mənə tərəf gəlirdi. Birinin əlində uzun qılınc, digərində isə ağır balta var idi. Məni görən kimi silahlarını hazır vəziyyətdə tutub insana xas olmayan əcaib səslərlə qışqıraraq mənə tərəf qaçmağa başladılar. “Gəlin, lənətə gəlmişlər, gəlin! Heç birinizdən qorxmuram!” - qışqıraraq mən də onlar tərəfə qaçmağa başladım. Təmas anına təxmini beş metr qalmış baltanı var gücümlə sağ tərəfdəkinə tulladım. Balta sinəsinin ortasından dəydi və adam yerə yıxıldı, amma zərbə öldürücü olmadı. Nizənin ucunu zərbə endirmək üçün sol tərəfdəkinə tərəf uzatdım, baltası ilə zərbəni dəf etdi və təpiyi qarnıma ilişdirdi. Yerə yıxıldım, adam baltanı göyə qaldırıb alnımın düz ortasına saplayacağı anda sağa fırlandım və bu birisinə tulladığım baltamı yerdən götürüb gələn növbəti zərbəni dəf etdim. Ayağa durdum. Baltalar ilə bir-birimizə zərbələr endirməyə başladıq, ətrafa qığılcımlar səpələnirdi, hələki heçbirimizin zərbəsi hədəfi tutmurdu. Sonda bir boşluq sezib adamın bud hissəsinə balta ilə zərbə endirdim. Sol ayağı büdrədi, istifadə edib sinəsinə də təpiklə möhkəm zərbə endirdim və adam yerə yıxıldı. Yaxınlaşıb başına iki-üç təpik vurdum və adam özündən getdi. Arxa tərəfdə hənirti eşitdim, geri çevriləndə bayaq balta tulladığım adamın ayağa durub axsaya-axsaya güc-bəla ilə mənə tərəf gədiyini gördüm. Adama tərəf qaçıb var gücümlə qoşa təpiyə tullandım və yara alan sinəsinə möhkəm zərbə endirdim. Təkanın gücündən 5-6 addım geri uçub yerə yıxıldı və oradaca qaldı, ayağa durmağı da mümkün deyildi onsuz. Bu cəhənnəmdən rədd olub getmək lazımdı! Stansiyanın çıxışına doğru qaçmağa başladım. Qaçarkən arxamdan səslər eşitdim, dayanıb geri çevrildim. Stansiyanın o biri başında bu adamlara bənzər geyimdə və qara üz-gözdə 15-20 nəfər gördüm. Hamısı silahlı idi və mənə baxırdılar. Lap önlərində hamısından boyca hündür və iri bədənli biri var idi, yəqin ki, liderləri idi. Həmin bu lider başa düşülməyən dildə, qalın səslə nəsə qışqırdı və hərəkətlənmə başladı. Mənə tərəf qaçışmağa başladılar. Lənət olsun, burdan sağ çıxa bilmərəm, qaç! Çıxışa tərəf götürüldüm, pilləkənləri tələsik qalxıb stansiyadan çölə çıxış qapılarının yanındakı kiçik Polis məntəqəsini gördüm. Məntəqənin alüminium divarına qanlı balta saplanmışdı. İçəri boylandım, cansız polis işçisi yerdə qan gölməçəsinin içində uzanmışdı. Burda nələr baş verib? Stansiyanın şüşədən çıxış qapılarına yaxınlaşdım, bağlı idilər. Əlimdəki balta ilə qapılardan birini çilik-çilik edib, çölə çıxdım.


Qolumdakı saata baxdım, 02:55-i göstərirdi. Ətrafda aydın səmadan süzülən zəif Ay işığından və biraz uzaqdakı avtomobil yolunda aradabir hərəkət edən avtomobillərin işıqlarından başqa işıq yox idi. Buranın hansı stansiya olduğunu artıq bilirdim. Qəribə bir şey baş verirdi, daha öncə də bu stansiyada dəfələrlə olmuşdum, amma bura bu cür deyildi, sanki içərisi təmiz başqa bir stansiya idi, fərqli idi. Ən qəribəsi də o idi ki, arxamca kiminsə gəldiyini görmürdüm, səs də gəlmirdi. Yola tərəf qaçmağa başladım. Yaxşı ki, yol kənarında dayanan taksi gördüm. Yaxınlaşdım, sürücü oturacaqda yuxuya getmişdi, saatın gecənin 3-ü olduğunu nəzərə alsaq bu normal idi. Metro tərəfə baxdım, hərəkətlənmə yox idi, maşının pəncərəsini əlimlə döyəclədim, sürücü yuxudan ayılıb bir mənə, bir əlimdəki baltaya baxıb diksindi və əlini atıb oturacağın altından mantirovka çıxardı. Həmin vaxt baltanın hələ də əlimdə olduğu yadıma düşdü. Balta ilə gecənin 3-ündə taksiyə yaxınlaşmaq təbii ki, heç də yaxşı fikir deyildi. Baltanı kənara tullayıb, sürücünü məni maşına buraxması üçün yola gətirə bildim. Maşın yerindən tərpənərkən son dəfə metronun çıxacağı tərəfə baxdım, heç kim yox idi, hətta, sanki balta ilə sındırdığım qapının şüşəsi də sınmamışdı, yerində idi. Başa düşə bilmədiyim qəribə şeylər baş verirdi.


Evə çatanda saat dördə qalmışdı, ailə üzvləri nigaran və həyəcanlı halda məni gözləyirdilər. Bütün baş verənləri danışdım və hər kəs heyrətlə məni dinlədi. Polisə xəbər vermədik, çünki insan qətlinə görə həbs oluna bilərdim. Bəlkə də özümü müdafiəyə görə mənə haqq qazandırardılar ya yox, bilinmirdi. Yəqin ki metro kameralarına düşmüşdü bütün olanlar. Ən yaxşısı nə baş verəcəyini gözləmək idi. Bütün olanlardan sonra gözümə yuxu getməsə də bir təhər yatdım. Gözlərimi açanda səhər saat səkkiz radələri idi. İnidyə kimi nəsə bir xəbər çıxmalı idi, amma məni nə axtaran var idi nə də arayan. Televizoru açdım, bir-bir telekanalları çevirdim ki dünənki hadisəyə aid nəsə bir xəbər görərəm, amma heçnə yox idi, həmişəki kimi gündəlik verilişlər idi. Maraq məni rahat buraxmırdı. Valideynlərimin təkidlərinə məhəl qoymayaraq evdən çıxdım və dünənki metro stansiyasına getdim. Burda heçnə baş verməmiş kimi gündəlik həyat davam edirdi. Stansiyanın qapıları sağ-sağlam yerində idilər, şüşələri qırıq filan deyildi, ətrafımda, yan-yörəmdə şüşə qırıqları da gözümə dəymirdi. İçəri daxil olub həmin polis məntəqəsinə yaxınlaşdım, divarında balta izi gözümə dəymədi. Yoxsa dünən baş verənlər təxəyyülümün məhsulu idi? Amma bədənimdə dünənki döyüşdən qalma izlər var idi. Məntəqədə oturan polis işçisinə yaxınlaşıb, gecə burda qeyri-adi nəsə baş verib-vermədiyi haqda soruşdum, cavabında fərqli heç bir şey baş vermədiyini dedi. Nəyə görə belə sual verdiyimi soruşdu, cavab vermədən stansiyaya daxil oldum. Bir daha gecə buranın indikindən fərqli bir yer olduğuna əmin oldum. Döyüşün baş verdiyi mərkəz hissəyə yaxınlaşdım, heç bir iz-nişan yox idi. Bədənimdə döyüşdən qalma izlər olmasaydı özümü dəli hesab edərdim. Yadıma gecə taksinin yanında tulladığım balta düşdü və həmin yerə getdim. Kobud naxışlı, parıltılı, ölümcül balta tulladığım yerdə, otların arasında idi. Həqiqətən izahı oluna bilməyəcək şeylər baş verirdi. Balta buradadırsa, bəs niyə metro girişinin qapısının şüşələri qırıq deyildi? Polis məntəqəsinin balta saplanan divarında niyə iz yox idi? Stansiyada öldürdüyüm iki nəfər ilə yaraladığım digər iki adam dörd-beş saat ərzində heç bir iz buraxmadan hara yoxa çıxa bilrərdi? Lənət olsun! Başımı itirirəm! Baltanı götürüb evə getdim.


Bir həftə sonra…


O gün baş verənləri universitet illərindən tanıdığım savadlı Fizika müəllimim və üç-dörd nəfər yaxınlarımdan başqa heç kimə danışmadım, danışdıqlarımın da yarısı mənə inandı, yarısı inanmadı. Amma başıma gələnlər müəllimimə çox maraqlı gəldi və məni bu barədə kömək edə biləcək bir astrofizikə yönləndirdi.
Bu gün həmin adamın qəbulunda oldum, baş verənləri danışdım. Diqqətlə dinlədi. Bu kimi hadisələr haqqında eşitdiyini və tarixdə bir neçə dəfələrlə baş verdiyini dedi.
“Ən son 1964-cü ildə Günəşdə baş verən böyük miqyaslı partlayışlar zamanı belə bir hadisə yaşanıb.” dedi və ayağa durub, arxasında yerləşən iri kitab rəfinə göz gəzdirib sonda qalın bir qovluq götürdü. Qovluğu açıb, içindəki xeyli vərəq yığınını eşələyib arasından bir-ikini çıxardı və oxudu: “Bir ölkədən digərinə qatarla səfər edən Max Freeman adlı adam, gedəcəyi şəhərə gecə yarısı çatır və kupesində yuxudan ayılır. Kupeni tərk edərkən digər sərnişinlərin fərqli olduğunu və fərqli cür paltarlar geyindiklərini görür. Buna ciddi fikir verməsə də, qatardan endikdən sonra hər şeyin doğurdan da qəribə olduğunu hiss edir. Məlum olur ki, hazırda 1987-ci ildir. Adam zamanda 23 il irəli sıçrayıbmış. Qeydiyyatı olduğu şəhər ilə əlaqə saxlanılmış və Max Freeman adlı adamın ən son 1964-cü ildə görüldüyü və səyahət etdiyi qatardan müəmmalı şəkildə yoxa çıxdığı xəbəri ilə qarşılaşmışdılar. 1987-ci ildə qatarın kupesində peyda olan Max Freemanın yerinə olmalı iyirmi beş yaşlı əsl sərnişin Leona Marvina da yoxa çıxmışdı. Bir müddət sonra məlum olur ki həmin sərnişin əksinə, zamanda geriyə 1964-cü ilə sıçrayıbmış.
Heyrətlə astrofizikin danışdıqlarını dinləyirdim. Davam etdi: “Günəş böyük kütləsinə görə ətrafında zaman-məkan bükülməsi yaradır ki, böyük ehtimal, həmin partlayışların bu bükülməyə təsiri olmuşdur və Max Freeman ilə Leona Marvina bu təsirdən yaranan zaman bükülməsinə düşmüşdürlər.”
Olduqca qəribə hadisədir. Bəs mənim başıma gələnlərdən sonra zaman fərqi olmadı axı.” dedim.
“Zaman-məkan bükülmələri tək zamana yox, məkana da təsir edə bilər. Paralel kainatlar fərziyyəsi. Böyük ehtimal ki, stansiyada sənin başına gələnlər hansısa paralel kainatda baş verib. Sən, iki paralel kainatın birləşdiyi kiçik bir zaman diliminə düşmüsən və hər şey digər kainatda baş verib. Max Freemanla xanım sərnişin yalnız zaman bükülməsinə düşmüşdürlər, yəni keçmiş zamanın gələcək zamana birləşməsinə. Sən isə yalnız məkan bükülməsinə düşmüsən. Sən də zaman bükülməsinə düşsəydin, özünü tamam başqa bir zamanda görərdin, ya keçmişə, ya da gələcəyə düşərdin. Bu barədə bəxtin gətirib” deyib gülümsədi.
Astrofizikin dediklərini tam qavraya bilmirdim hələki. “Başa düşməkdə çətinlik çəkirəm.”
“Belə fərz et, hava ilə doldurulmuş iki şar götür və bu şarları bir birinə toxundur. Şarların toxunduqları hissədə dairəvi müstəvi əmələ gələcək...”
“Bəli, fərz edirəm.”
“İndi isə bu iki şarın birini səsnin hazırda yaşadığın kainat, digərini isə paralel kainat kimi təsəvvür et. Ortada əməmlə gələn müstəvini isə bu iki kainatın birləşdiyi zaman dilimi kimi təsəvvür et. Sənin başına gələn hər şey həmin o müstəvidə baş verib. Yəqin ki bu birləşmə sən metroda yuxuya gedəndən sonra baş verib və stansiyanın çıxışında sonlanıb. Sən yuxuda olduğun üçün bu məkan birləşməsini hiss etməmisən, oyaq olsaydın hiss edəcəkdin, yanında oturan sərnişinlərin birdən yoxa çıxdıqlarını görəckdin, onlar da eynilə sənin oturduğun yerdə yoxa çıxdığını görəcəkdilər, bəlkə də görənlər olub.”
“Anladım. İnsan dərk etməkdə çətinlik çəkir” dedim.
“Bəli, dərk etmək çətin olsa da belə hadisələr baş verir.”
“Bəs həmin paralel kainatda da hər şey eynilə burda olduğu kimidir, yoxsa?”
“Ola da bilər, olmaya da bilər. Sonsuz sayda paralel kainat ola bilər. Hansındasa biz ola da bilərik, hansındasa ümumiyyətlə sən və mən heç var olmaya bilərik. Görünür sənin düşdüyün kainat bizimkindən çox da fərqli deyilmiş.”
“Mən ordan əlimdə balta ilə çıxmışdım, başqa kainata aid olan bir şeylə. Hətta qatarda olanda mobil telefonuma zəng də gəlmişdi. Bu mümkündürmü?”
“Mümkündür. Böyük ehtimal ki o baltanı təşkil edən atomlar qədər bizim kainatdan da ora hansısa cisim keçib, çünki kainatın maddə balansı mütləq qorunmalıdır. Sənə orda zəng gəlməyi də mümkündür. Mobil telefonlar elektromaqnit dalğaları ilə işləyir və bu mümkündür.
“Bir sual da məni maraqlandırır,” dedim, “bəs siz necə belə əminliklə mənim zaman-məkan bükülməsinə düşdüyümə və bu olanları özümdən uydurmadığıma inanırsız?”
Əli ilə otağın küncünə söykədiyim baltanı işarə edib, “Balta. Sənə inanmaq üçün bu bəs deyilmi?” dedi.
“Sizi aldatmaq üçün bu baltanı istənilən yerdən əldə edə bilərəm.” - gülümsəyərək dedim.
Astrofizik də əvəzində mənə gülümsəyib dedi “çünki sən tək deyilsən övlad.”
“Necə yanı tək deyiləm?” təəcüblə soruşdum
“Keçən həftə Günəşdə indiyə kimi qeydə alınan ən aktiv partlamalardan biri olub və buna görə də sənin kimi qəribə hadisələr yaşayan çox adamlar olub. Dünyanın dörd bir yanından xəbərlər almışıq. İnsanlar evlərində, həyətlərində qeyb olmuş və peyda olmuş qəribə əşyalar, cisimlər görüblər. Ona görə sən bunu danışanda, xüsusilə stansiyanın fərqli olduğunu, sındırdığın qapı şüşələrinin hələ taksidən baxarkən yerində olduğunu gördüyünü deyəndə, bunun Günəş partlamasından qaynaqlanan bükülmə olduğunu o saat bildim.”
“Hər şey aydındır. Bəs zamanda geriyə sıçrayan o xanımın axırı necə oldu?” soruşdum.
“Həmin xanım, aqibəti bilinmədi. Məlumatlara görə 1964-cü ildə qatarda peyda olduqdan sonra, bir daha görülməyib.”
“Təşəkkür edirəm sizə, kömək və ətraflı məlumat üçün.”
“Məmim işim budur övlad. Bir gün yenə gəl, sənə bu haqda olduqca maraqlı faktlar göstərərəm, heyrətə gələrsən.”
“Bir gün mütləq gələrəm.” gülümsəyərək dedim.
Artıq hər şey gün kimi aydın idi. Həyat mənbəyimizin başında duran Günəş də hətta bəzən ziyanımıza işləyə bilərmiş.
Həyat davam edirdi…






Hekayədə baş verənlər və qeyd olunmuş tarixi hadisələr uydurmadır. Paralel kainatlar haqqında fərziyyə isə hələki fərziyyə olaraq qalır və elm adamları arasında mübahisədədir.


© Elçin Allahverdi             Yanvar 2017

         facebookda izlə

Kub






Kub


Saat axşam ona işləmişdi. İşimin bugün çox olması ilə əlaqədar hələ işdən çıxmamışdım. İş yerim qəbirsanlığa yaxın yerdə idi. Çıxanda evə qəbirsanlığın içindən keçən yol ilə getmək fikrim var idi. Həm hava yaxşı idi, həm də qəbirsanlıqdan keçən yol ilə evə daha tez çatacaqdım kəsə yol olduğu üçün. Qəbirsanlıq alçaq təpə üzərində idi, yuxarı pilləkən qalxırdı qəbirsanlığın içi ilə. Həmin pilləkən ilə yol təpənin o biri üzünə gedirdi.

İşlərimi yekunlaşdırıb çıxdım. Hava elə bil həmişəkindən daha çox qaranlıq idi. Ətrafda adam gözə dəymirdi, sadəcə qəbirsanlığın yanı ilə keçən maşın yolunda tək-tük maşın görünürdü. Qəbirsanlığın girəcəyindən içəri girdim. Gecə vaxtı qəbirsanlığın insana vahiməli görünməyi doğru imiş. Zəif meh kolları tərpədirdi, istər-istəməz elə bir təəsürat oyanırdı ki, sanki kolları ruhlar tərpədir. Pilləkənlə yuxarı addımlamağa başladım. Biraz getmişdim ki, elə bil kimsə məni çağırdı. Yaxınlığımda heç kimin olmadığına əmin idim. Səsin hansı istiqamətdən gəldiyini də bilmədim. Çevrilib arxaya baxdım, heç kim yox idi. Fikirləşdim yəqin qulağıma səs gəlib. Yenidən önümə döndüm ki yoluma davam edim, həmin anda qabağımda kiminsə dayanıb sanki mənə baxdığını gördüm. Birdən-birə hardan peyda oldu bilmədim. Özümdən asılı olmayaraq bir-iki pilləkən geriyə də çəkildim. Papaqlı, qara paltarda idi, papağı da başına taxmışdı deyə sifətini görə bilmirdim. Mənə iki ay əvvəl qardaşının öldüyünü dedi və əli ilə qəbirsanlığın yuxarı tərəfini işarə edərək qardaşının qəbrinin orada olduğunu göstərdi. Sonra məndən kömək istədi. Dediyinə görə qəbrin baş daşı aşıbmış, onu birgə qaldırıb düzəltmək üçün köməyə ehtiyacı var imiş. Razılaşdım. Birgə qəbrin yanına gəldik. Təzəcə çatmışdıq ki, həmin anda ətrafımda qorxulu qışqırıq səsi eşitdim, sanki kimisə kəsərək öldürürdülər. Çevrilib ətrafıma qulaq asdım, səs kəsildi. Nə olduğunu bilmədim. Yenidən yanımdakı adama tərəf çevrildim ki onun da səsi eşidib-eşidmədiyini soruşum, dəhşətli bir görüntünün şahidi oldum! Həmin adam əcaib varlığa çevrilmişdi. Qəbirsanlığın lap yuxarı tərəfindən gələn zəif işıqda həmin varlığın tüksüz iri başını, yox dərəcəsində olan xırda qulaqlarını və iri gözlərini görə bildim. İnsana bənzər qəribə məxluq idi. Həmin anda nə edəcəyimi bilmədim, donub yermdə qaldım, qaçmaq istədimsə də qaça bilmədim, sanki ayaqlarımı tutmuşdular. Nəsə qəribə səslər çıxarmağa başladı, biraz keçməmiş özünə oxşar beş-altı dənəsi də ətrafımda peyda oldu. Qəribə səslər çıxarmaqla onları çağırırmış yəqinki. Yanında durduğumuz qəbrin üstü açılmağa başladı, içərisinə pilləkən düşürdü. Məni tutub özləri ilə qəbrin içinə apardılar. İçəri çox qaranlıq idi və bu məni biraz da qorxudurdu. Nə qədər elədimsə qollarımı əllərindən çıxara bilmədim, qışqırmaq istəsəm də qışqıra bilmirdim. Mənə nə etdilərsə yuxuya gedrimişəm kimi özümdən getdim.

Səhər saat 7:00-da saatın zəngi çalanda yatağımda yuxudan ayıldım. "Bu nə axmaq yuxu idi" deyib gözlərimi ovuşdurdum. Paltarımı geyinib, əl-üzümü yuyub, səhər yeməyi üçün mətbəxə keçdim. Anam oyaq idi. Gördüyüm qorxulu yuxu haqda anama danışmağa başladım: -"... demək belə ana, axırı məni qollarımdan tutub qəbrin içinə aparırlar, içəri tam qaranlıq deyildi, haradansa zəif işıq düşürdü içəri. Qəribə, xırda yanıb-sönən rəngli işıqlar gözümə dəyirdi. Amma nə olduqlarını heç cür anlaya bilmədim. Yuxudu da, Allah bilir nə imiş. Çox qəribə məxluqlar idilər, yad planetlərdən gələnlərə oxşayırdılar, filmlərdəki kimi... Sonra mənə qəribə, balaca, ağır metal kub verirlər. Bu kubun insanların gələcəyini dəyişə biləcək gücə malik olduğunu, mənim isə insanlar arasından seçilmiş olduğumu bildirirlər. Ancaq maraqlısı bu idi ki, onlar danışmırdılar, telepatiya üsulu ilə fikirlərini mənə çatdırırdılar. Sonra da saatın zənginə oyandım gördümki, yuxu imiş". Anam isə əvəzində mənə -"çox fantastik filmlərə baxırsan oğlum, ondandı belə yuxular görməyin" dedi.

Səhər yeməyini bitirib, evdən çıxıb işə getdim. İş yerimə çatıb, otağıma giridm. Kresloda oturub arxaya söykəndim, ayaqlarımı qabağa uzatdımki rahat oturum. Ayağımın nəyəsə dəydiyini hiss elədim. Əyilib stolun altına baxanda, gördüyüm mənzərədən tüklərim biz-biz oldu. Yuxuda mənə verilən kub, eynilə elə həmin kub iş yerimdə, stolumun altında idi. Eynən o idi. Bu necə ola bilərdi axı? Bəs mən gördüyüm yuxu idi axı. Onlar məni qollarımdan tutmuşdular, özü də bərk-bərk sıxmışdılar. Tez köynəyimin qollarını açıb yuxarı qatladım. Aman Allahım! Qollarımda barmaq izləri var idi. Açıq-aşkar göyərmiş barmaq izləri idi. Demək ki, yuxu deyilmiş, həqiqət imiş. Bəs mənim yataqda yuxudan ayılmağım necə olub? Evə necə gedib çıxmışam? Heç nəyi xatırlamırdım. Fikirlərim çox dolaşığa düşdü, heç nə anlaya bilmədim. Götürüb kuba diqqətlə baxdım, gümüşü rəngdə, çox ağır idi. Üstündə qəribə, başa düşülməyən heroqliflərlə nələrsə yazılmışdı. Tez işdən çıxıb həmin qəbirsanlığa qaçdım. Pilləkənləri qaçaraq iki-iki çıxıb, gecə kubu mənə hansı qəbirdə vermişdilərsə o qəbri axtarmağa başladım, amma həmin yerdə elə bir qəbir tapmadım, sanki orda heçvaxt qəbir olmayıb, həmin yer adi otlarla ortülmüş torpaq idi. Bütün bu başıma gələnlərə bilmirdim inanım, yoxsa inanmayım. Əgər yuxu idisə, bəs bu kub hardan gəlib çıxdı? Əgər həqiqət idisə, bəs qəbir hanı? Fikirlərim əməlli-başlı qarışmağa başladı. Planım həmin kubu tezliklə Elmi Araşdırmalar İnstitutuna aparmaq oldu…





P.S.: Günümüzdə və həyatımızda çox müəmmalı hadisələr baş verir ki, bunları nə başa düşə bilirik, nə də dərk edə bilirik.

Bu da mənim yazdığım qısa bir hekayə. Hekayənin qəhrəmanı 25 yaşlı Romadır.

© Elchin Allahverdi.